Kataloq

Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır.

Kataloq sözü digər mənalarda da işlənə bilər:

  1. faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır;
  2. əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı;
  3. bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr;
  4. predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri;
  5. kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır;
  6. kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi;
  7. maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl;
  8. verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq.